Novruz bayramı gənclər arasında kreativ şəkildə təbliğ olunmalıdır - ATGTİ sədri

18:00 17.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə mindən çox gəncin iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilir. Tədbir çərçivəsində gənclər üçün müxtəlif əyləncə və yaradıcı zonalar təşkil edilib.

Bu sözləri azertac-a müsahibəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov söyləyib.

O vurğulayıb ki, Novruz bayramı gənclər arasında daha kreativ şəkildə təbliğ olunmalıdır:

“Biz bu gün gənclərlə birlikdə Novruz bayramını qeyd edirik. Bu bayramın ənənələri daim yaşadılmalı və yeni nəslə sevdirilməlidir. Ona görə də biz tədbiri daha maraqlı və kreativ formatda təşkil etdik. Gənclər üçün musiqi zonası, əyləncə zonası, fotostudiya guşəsi yaratdıq. Meyxana deyən gənclər istedadlarını nümayiş etdirdilər, müxtəlif incəsənət növləri üzrə çıxışlar oldu. Bizim üçün əsas olan gənclərin bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd etməsi və eyni zamanda, Novruz ənənələrini daha yaxından tanımasıdır”.

Sonda tədbir çərçivəsində süni intellektlə bağlı xüsusi proqramın da təqdim olunacağını bildirən R.Zeynalov bunun gənclər üçün maraqlı və yenilikçi təcrübə olacağını deyib:

“Biz çalışırıq ki, hər bir tədbirimizdə gənclərə yalnız əyləncə deyil, həm də maarifləndirici və innovativ yeniliklər təqdim edək. Bu dəfə tədbirin sonunda süni intellektlə bağlı xüsusi bir proqram təşkil etmişik və düşünürük ki, bu, iştirakçılar üçün olduqca maraqlı bir təcrübə olacaq”.